Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yerləşən beynəlxalq hava limanına və digər mülki infrastruktura qarşı hücum aktlarının həyata keçirilməsi barədə yayılan məlumatlar cəmiyyətimizdə ciddi narahatlıq və böyük rezonans doğurmuşdur. Mülki obyektlərin hədəfə alınması beynəlxalq hüququn əsas prinsiplərinə zidd olmaqla yanaşı, regionda sabitlik və təhlükəsizlik üçün də ciddi təhdid hesab olunur.Bu cür addımlar iki qonşu dövlət arasında mövcud olan münasibətlərin ruhuna uyğun deyil və regionda gərginliyin artmasına xidmət edən təxribat kimi qiymətləndirilir. Mülki infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu cür addımlar heç bir halda qəbul edilə bilməz. Xüsusilə də mülki əhalinin istifadə etdiyi obyektlərin hədəfə alınması hərbi deyil, daha çox siyasi və təxribat xarakterli addım kimi dəyərləndirilir.
Azərbaycan dövləti tarix boyu öz suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təhdidlər qarşısında qətiyyətli mövqe nümayiş etdirmiş, milli maraqlarını qorumağı bacarmışdır. Bu gün də ölkəmiz istənilən təhdid və təhlükəyə qarşı adekvat addımlar atmaq iqtidarındadır. Azərbaycan xalqı dövlətinin gücünə, ordusunun qüdrətinə və rəhbərliyinin qətiyyətli siyasətinə tam inanır.
Bu gün Azərbaycan Respublikasının başında Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, ölkənin beynəlxalq nüfuzunun daha da artmasına nail olan, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Möhtərəm Prezident cənab İlham Əliyev dayanır. Onun rəhbərliyi ilə Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə güclü və prinsipial mövqeyə malik dövlət kimi tanınır.
Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək dövlətimizin suverenliyinə yönəlmiş istənilən təhdidə qarşı qətiyyətlə dayanmağa hazırdır. Cəmiyyətimiz ölkəmizin təhlükəsizliyinin təmin olunması və sabitliyin qorunması istiqamətində atılan bütün addımları dəstəkləyir.
Baş vermiş hadisə ilə bağlı İran dövlətinin məsuliyyətli mövqe nümayiş etdirməsi, yaranmış vəziyyətə aydınlıq gətirməsi və Azərbaycan xalqından üzr istəməsi vacib hesab olunur. Regionda sülhün, sabitliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qorunması bütün dövlətlərin ortaq maraqlarına xidmət edir.
YAP Masallı Rayon Təşkilatının sədr müaviniSəfalı Paşayev


