Nərimanov rayon İcra Hakimiyyətində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı baş tutdu.Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.
Hesabat yığıncağında Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev geniş məruzə ilə çıxış edərək 2025-ci ildə rayonda görülmüş işlər, həyata keçirilən layihələr və 2026-cı il üçün müəyyənləşdirilən prioritet istiqamətlər barədə ətraflı məlumat verdi.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verdi.
Milli Məclisin deputatı Samir Vəliyev çıxış edərək rayonun sosial-iqtisadi inkişafı ilə bağlı icra başçısı tərəfindən səsləndirilən məruzəni yüksək qiymətləndirdiyini, həyata keçirilən proseslərə qanunvericilik müstəvisində dəstəyin vacibliyini vurğuladı.
Hesabat yığıncağının yekununda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi. Sonda isə rayonun 2026-cı ildə qarşıda duran vəzifələri ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.






