Bakı Dövlət Universitetində tələbələr üçün “İmtahan həyəcanı” təlimi keçirilib“Narınc” Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman klinik psixoloq Narınc Rüstəmova Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecdə tələbələr üçün imtahan öncəsi “İmtahan həyəcanı” mövzusunda maarifləndirici və praktik təlim təşkil edib.
Təlimdə milli Məclisin deputatı Nigar Məmmədova da çıxış edərək, tələbələrə imtahan dövründə psixoloji gərginliyi idarə etməyin əhəmiyyətindən və təhsil uğuruna təsirindən danışıb.
Təlim zamanı imtahan stresinin psixoloji mexanizmləri, həyəcanın performansa təsiri, vaxtın düzgün planlaşdırılması, diqqətin cəmlənməsi, özünə inamın artırılması, eləcə də nəfəs və rahatlama texnikaları barədə məlumat verilib.
İştirakçılar interaktiv müzakirələr və praktiki tapşırıqlar vasitəsilə öz suallarına cavab alıb, real situasiyalar üzərində təcrübə qazanıblar. Təlim sayəsində tələbələr imtahanlara daha sakit, planlı və özünə güvənli şəkildə hazırlaşa biləcəklər.
Maarifləndirici və praktik yanaşması ilə seçilən təlim tələbələr tərəfindən böyük maraq və müsbət rəy ilə qarşılanıb.









