1994-cü il dekabrın 1-i… Bu tarix Azərbaycan torpağına vətənpərvər, mərd və qürurlu bir övlad – Ceyhun Aqil oğlu Talıbzadəni bəxş etdi. Salyanın Şorsulu kəndində dünyaya göz açan Ceyhun uşaqlıqdan Vətənə bağlı, xasiyyəti ilə seçilən, əxlaqı ilə sevilən bir gənc kimi böyüdü. Lakin onun həyat yolu adi bir həyat hekayəsi olmadı – o, tarix yazanlardan oldu.Vətən müharibəsi başlanan gün Ceyhun Talıbzadə düşünmədən ön cəbhəyə yollandı. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşdu. Hər addımında, hər döyüşündə onun ürəyində bir hiss vardı: “Vətən üçün, torpaq üçün, ailəm və millətim üçün.”
18 oktyabr 2020-ci ildə Füzuli istiqamətində aparılan əməliyyat zamanı verilən döyüş tapşırığını yerinə yetirərkən Ceyhun Talıbzadə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. O, canını Azərbaycan torpağına sipər edən igidlər sırasında öz adını şərəflə yazdırdı.
Ceyhunun göstərdiyi mərdlik dövlət tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edildi. Bu mükafatlar onun igidliyinin, fədakarlığının və Vətən sevgisinin simvoludur.
Bu gün – Ceyhun Talıbzadənin doğum günündə biz onu sadəcə bir ad kimi deyil, qürur mənbəyi, Vətənə bağlılığın ən uca nümunəsi kimi xatırlayırıq. Onun həyatı göstərdi ki, torpağı sevmək sözlə deyil, əməllə sübut olunur. Ceyhun bizi qorumaq üçün canından keçdi, biz isə onu yaddaşımızda əbədi yaşadacağına görə qürurla yad edirik.
Ruhu şad olsun!
Vətən onun kimi oğullarla daim ucalacaq.


