Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş igidlərdən biri kimi mayor Vüsal İslam oğlu Vəliyev hörmət və qürurla xatırlanır.O, 15 iyul 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndində dünyaya göz açıb. Uşaqlıq illərindən hərb sənətinə böyük maraq göstərən Vüsal, Vətənə sədaqət yolunu seçdi – çünki onun üçün torpaq müqəddəs and yeri idi.
Orta təhsilini Dizə kənd tam orta məktəbində başa vuran Vüsal Vəliyev, 2002–2005-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, daha sonra isə 2005–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr təlimini uğurla başa vuraraq, hər an döyüş meydanına atılmağa hazır bir zabit kimi yetişdi.
2009-cu ildən etibarən leytenant rütbəsində hərbi xidmətə başlayan Vüsal Vəliyev müxtəlif bölgələrdə — Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağ istiqamətlərində vəzifə borcunu şərəflə yerinə yetirib. Onun üçün vəzifə yalnız əməliyyat deyil, Vətənin nəfəsi idi. Hər addımında andını, bayrağa sədaqətini daşıyırdı.
Hərbi rütbəsi mayor olan Vüsal Vəliyev Həmlə taborunun komandiri idi. O, həm peşəkarlığı, həm də mərdliyi ilə orduda nüfuz qazanmışdı. “Əfqanıstanda sülhməramlı missiyaya görə”, “Azərbaycan Ordusunun 100 illiyi” və “10 il qüsursuz xidmətə görə” medalları ilə təltif olunmuşdu.
2020-ci ilin payızı gələndə, Vüsal artıq bilirdi ki, bu torpaqların azadlığı üçün illərlə gözlənilən an yetişib. İkinci Qarabağ müharibəsinin ilk günlərindən ön cəbhədə idi. Murovdağ-Kəlbəcər döyüşlərində, daha sonra Şuşa uğrunda savaşda bir an belə geri çəkilmədi. Onun üçün geri addım yox idi – yalnız irəli, yalnız Zəfərə doğru.
9 noyabr 2020-ci ildə, Şuşa döyüşlərində, son gülləsinə, son nəfəsinə qədər vuruşaraq şəhidlik zirvəsinə ucaldı. 14 dekabrda doğma Şərur torpağında, Şəhidlər Xiyabanında dəfn olundu.
Mayor Vüsal Vəliyev “Azərbaycan Ordusunun 95 illiyi”, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə”, medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi. O, ömrü ilə sübut etdi ki, Vətən sevgisinin ən ali zirvəsi – şəhidlikdir.
Onun xatirəsinə tamaşalar səhnələşdirildi, kitablar yazıldı, bulaqlar tikildi, sinif otaqları və hərbi postlar onun adı ilə adlandırıldı. Amma ən böyük abidə xalqın qəlbində ucaldı – şəhid mayor Vüsal Vəliyev adı o qəlblərdə əbədi yaşayır.
Bu gün azad Şuşanın, azad Kəlbəcərin hər daşı Vüsal kimi igidlərin qanı ilə yoğrulub. Biz bu torpaqlarda sərbəst addımlayırıqsa, o, və onun kimi şəhidlərin sayəsindədir.
Vüsalın həyatı bir ömür deyil, bir vətən dərsidir. Onun igidliyi, sədaqəti və şəhidliyi gənclərə örnək, hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Qəhrəmanlığınla tarix yazdın, Mayor Vüsal Vəliyev!
Sənin adın Azərbaycan tarixinin şərəf səhifəsində əbədi yazılıb.






























