BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin Qətərin paytaxtına endirdiyi zərbələrlə bağlı məsələni müzakirə edib. Müzakirə zamanı bu hadisə pislənib və ərəb ölkəsinin suverenliyinə dəstək ifadə olunub. Təhlükəsizlik Şurasının üzvləri sentyabrın 9-da HƏMAS-la İsrail arasında əsas vasitəçi - Dohaya endirilən zərbələri pisləyərək insan itkisindən təəssüf hissi keçirdiklərini bildiriblər. Onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Qətərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.Qəbul edilmiş bəyanatda TŞ üzvləri, həmçinin gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar: "Təhlükəsizlik Şurasının üzvləri Qətərin ABŞ və Misirlə birlikdə regionda vasitəçilik səylərində oynamağa davam etdiyi kritik rolu dəstəklədiklərini bir daha açıqlayıblar".
Yeri gəlmişkən, İsrail sentyabrın 9-da Dohada olan HƏMAS rəhbərliyinin üzvlərinin iqamətgahını vurub. Hücum nəticəsində Qətər təhlükəsizlik qüvvələrinin üzvü də daxil olmaqla altı nəfərin öldüyü bildirilib.
Ötən illərin təcrübəsi, hadisələr BMT Təhlükəsizlik Şurasının bəyanat və qətnamələrinin bu kimi hadisələrin qarşısını almaqda aciz olduğunu təsdiqləyib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı qurumun qəbul etdiyi dörd qətnamənin yerinə yetirilmədiyi dövr də unudulmayıb.
Bu, dövlətlərin təhlükəsizliyi, ərazi bütövlüyü, suverenliyinin müdafiəsi kimi məsələlərdə BMT-nin gücsüzlüyünü göstərir.


